Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucusu Məhəmməd Əmin Rəsulzadənin həyatı ilə bağlı son günlər ortaya atılan müzakirələrdə bəzi tarixi faktların təhrif olunduğu deyilir. Belə ki, bu günə qədər tarixi faktlarda 1920-ci ildə Sovet hakimiyyəti qurulandan sonra Məhəmməd Əmin Rəsulzadənin bir qrup silahdaşı ilə birgə İsmayıllı rayonunun Lahıc kəndində qalmalı olduğu, lakin sonradan yerlərini dəyişmək istəyərkən İsmayıllı rayonunun Aşıq Bayram kəndi yaxınlığında hökumət qüvvələri tərəfindən həbs edildikləri, Rəsulzadənin və yoldaşlarının yerini Lahıc kənd sakini Əliabbas Nəsrulla bəy oğlu Səfərbəyovun xəbər verdiyi barədə məlumatlar yer alıb. Son günlər aparılan müzakirələrdə isə Rəsulzadə ilə bağlı məlumatları Sovet hökumətinə başqa bir şəxsin verdiyi iddia edilir.
Pravda.az iddiaları araşdırmaq üçün tarixçi alim Firdovsiyyə Əhmədovanın da fikirlərini öyrənib.
F.Əhmədova bildirib ki, zaman-zaman ortaya atılan bu cür məlumatlar cəmiyyətdə sensasiya yaratmaq məqsədi daşıyır: “Məhəmməd Əmin Rəsulzadə onun qurduğu dövləti devirən bir hakimiyyət tərəfindən həbs edilmişdi. Rəsulzadənin yerini xəbər verənlər, onun barəsində məlumatları çatdıranlarla bağlı müxtəlif adlar ola bilər. Ortada heç bir rəsmi sənəd yoxdursa, deyilənlər sadəcə iddiadır. Əsassız iddianın mənəvi və hüquqi çəkisi vardır. Heç bir etibarlı mənbəyə, sənədə əsaslanmadan kimləri isə ittiham etmək nəinki ədalətsizlikdir, həm də cəmiyyətdə qarşıdurmaya gətirə biləcək fəsadlar yarada bilər. Təbii ki, satqınlıqda suçlanan şəxslərin ailələri olub, hazırda varislərinin qalması da mümkündür. Onların məsuliyyətsiz iddialarla ictimai qınaqla üzləşə biləcəkləri gerçəkliyi də qaçılmazdır. Sənədsiz, sübutsuz ittiham etməzdən öncə vətəndaş məsuliyyəti ilə cəmiyyətdə lüzumsuz çaxnaşma yaratmağın mümkünlüyünü, ondan irəli gələ biləcək fəsadları da dəyərləndirmək lazımdır. Kimlərinsə satqın, xəyanətkar hesab edilməsi rəsmiyyətə keçə bilən bir fakt kimi tarixə düşə bilər, amma bu məlumat həqiqətən əsaslandırılmalıdır. Rəsulzadəni hökumətə təslim etməyi xüsusi bir uğur, yeni hakimiyyətə sədaqət ifadəsi hesab edən sovet məmurları da olub. Bütün bu iddialar M.Ə.Rəsulzadəyə və onun əqidə yoldaşlarına sovet hakimiyyətinin münasibətinin mahiyyətini dəyişdirmir”.