Şifahi xəbərdarlıq elan edilən icra başçısı kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, müşavirədə şəhərin sanitar təmizliyinin və onun yaz-yay mövsümünə hazırlığının vəziyyəti, əsaslı təmir, abadlıq və yaşıllaşdırma işləri və o cümlədən qanunsuz tikintilərlə bağlı məsələlər müzakirə olunub.
İclasda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yol verilən nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına töhmət, Xəzər Rayon İcra Hakimiyyətinin başçısına isə şifahi xəbərdarlıq elan edib. Şəhər rəhbəri rayon başçılarından yerlərdə vəziyyəti yaxşılaşdırmaq üçün təcili tədbirlərin görülməsini tələb edib.
Qeyd edək ki, şifahi xəbərdarlıq elan edilən icra başçısı Elşən Rövşən oğlu Salahovdur. O, 5 fevral 2019-cu il tarixindən Xəzər rayonuna rəhbərlik edir.
Elşən Salahovun tərcümeyi-halını təqdim edirik.
Elşən Rövşən oğlu Salahov 1977-ci ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 237 saylı orta məktəbi bitirib.
2000-ci ildə Xəzər Universitetini beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr pilləsini, 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə magistratura pilləsini bitirib.
2017-ci ildə Azərbaycan Respulikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə ikinci təhsil alıb.
Əmək fəaliyətinə Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində çalışmaqla başlayıb.
1999-cu ildə Qiymətli kağızların tədavülünün tənzimlənməsi departamentinin Qiymətli kağızlar bazarının broker və diler fəaliyyətinin tənzimlənməsi şöbəsində baş mütəxəssis vəzifəsinə təyin olunub.
2003-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatına buraxıldıqdan sonra, Qiymətli kağızların buraxılışı və qeydiyyatı departamentinin Lotereya fəaliyyətinin lisenziyalaşdırılması və nəzarət şöbəsində baş mütəxəssis vəzifəsində əmək fəaliyyətini davam etdirib.
2006-cı ildə dövlət qulluğunda irəli çəkilərək, Qiymətli kağızların buraxılışı və qeydiyyatı şöbəsinin Lotereya fəaliyyətinin tənzimlənməsi sektorunda müdir vəzifəsinə təyin olunub. 2009-cu illədək həmin vəzifədə çalışıb.
2009-cu ildə “Bank Standart” Kommersiya Bankının Mərdəkan filialının direktoru vəzifəsinə təyin olunub. 2014-cü illədək həmin vəzifədə çalışıb.
2014-cü ildə Xəzər Rayon İcra Hakimiyyəti başçısı Aparatının Rayon Təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 2018-ci ilədək həmin vəzifədə çalışıb.
2018-ci ildə dövlət qulluğunda irəli çəkilərək, Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifələrinə təyin edilib. 2019-cu ilədək həmin vəzifədə çalışıb.
Azərbaycan Prezidentinin 5 fevral 2019-cu il tarixli Sərəncamı ilə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.
2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Rus və ingilis dillərini bilir.
Ailəlidir, 2 övladı var. (modern.az)