Sosial şəbəkədə biz:
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gedib
Xəbər Şəkli

Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gedib

12 March 2026, 08:37
Siyasət

Martın 11-də Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına (MR) səfər edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində qonaqlar Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahında olublar.

M.Tokel bölgədə sabitliyin gücləndirilməsi, təhlükəsizliyin tam təmin edilməsi məqsədilə Türkiyənin daim Azərbaycanın yanında olduğunu, Şuşa Bəyannaməsinin müddəalarına uyğun olaraq, istənilən hərbi yardımı göstərməyə hazır olduqlarını bildirib.

Şuşa bəyannaməsi 2021-ci il iyunun 15-də Şuşa şəhərində iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış sənəddir.

Bu səfərdən öncə, martın 5-də Naxçıvana dron hücumu olub. Azərbaycan hakimiyyəti dörd nəfərin xəsarət aldığı bu hücuma görə İranı günahlandırıb. Amma İran rəsmiləri bu məsələdə əllərinin olmasını təkzib ediblər.