Boşanandan sonra yaranan aqressiyanın səbəbi nədir? - Açıqlama
Son dövrlərdə ailədaxili münaqişələrin zorakılıqla nəticələnməsi halları cəmiyyətdə narahatlıq doğurur. Emosiyaların idarə oluna bilməməsi, uzun müddət yığılan psixoloji gərginlik, ünsiyyət problemləri və konfliktlərin sağlam şəkildə həll edilməməsi bəzi hallarda insanların impulsiv və təhlükəli qərarlar verməsinə səbəb ola bilir. Xüsusilə münasibətlərin bitməsi və ya boşanma prosesi emosional baxımdan ən həssas dövrlərdən biri hesab olunur. Belə vəziyyətlərdə psixoloji dəstəyin və düzgün emosional idarəetmə bacarıqlarının rolu daha da ön plana çıxır.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında psixoloq Nizami Orucov bildirib ki, belə hallar göstərir ki, boşanma təkcə hüquqi deyil, eyni zamanda ciddi emosional prosesdir.
Psixoloqun sözlərinə görə, vacib məqam ondan ibarətdir ki, boşanma insanı özlüyündə zorakılığa sövq etmir:
“Boşanan insanların böyük əksəriyyəti bu prosesi hüquqi çərçivədə və dinc şəkildə keçirir. Zorakı davranış isə adətən bir neçə risk amilinin eyni vaxtda mövcud olması nəticəsində ortaya çıxır. Boşanma zamanı insan itki hissi yaşayır. Bu itki yalnız münasibətin başa çatması deyil, həm də gələcəklə bağlı planların, ailə modelinin və bəzən insanın öz kimliyi haqqında təsəvvürlərinin dəyişməsi deməkdir. Əgər insan emosiyalarını sağlam şəkildə tənzimləyə bilmirsə, tərk edilmə qorxusu, qısqanclıq, alçaldılma hissi və ya nəzarəti itirdiyini düşünməsi emosional gərginliyi daha da artıra bilər. Uzun müddət davam edən münaqişəli münasibətlər də insanın psixoloji resurslarını tükəndirir. Davamlı stress şəraitində insanın düşünərək qərarvermə qabiliyyəti zəifləyə, impulsiv davranış göstərmə ehtimalı arta bilər. Lakin bu, zorakı davranışa haqq qazandırmır. Eyni gərginliyi yaşayan insanların böyük əksəriyyəti heç vaxt aqressiv davranış nümayiş etdirmir. Əgər münasibətdə əvvəldən aqressiya, nəzarət meyli, həddindən artıq qısqanclıq, emosional asılılıq və ya zorakılıq halları mövcud olubsa, ayrılıq bu xüsusiyyətləri daha da gücləndirə bilər. Xüsusilə qarşı tərəfi itirəcəyini qəbul edə bilməyən insanlar üçün boşanma nəzarəti tamamilə itirmək kimi qəbul oluna bilər.Belə halların qarşısını almaq üçün boşanma prosesində emosional dəstəyin rolu böyük əhəmiyyət daşıyır. Tərəflər mümkün qədər hüquqi çərçivədə və təhlükəsiz şəraitdə ünsiyyət qurmalı, emosiyalar idarə olunmaz həddə çatdıqda isə psixoloq və ya psixiatrın dəstəyindən yararlanmalıdırlar. Ailə üzvləri də tərəfləri daha da gərginləşdirən deyil, sakitləşdirən mövqe tutmalıdırlar.
Belə halları qiymətləndirərkən ehtiyatlı olmaq vacibdir. Konkret şəxsin psixoloji vəziyyəti və motivləri barədə onu müayinə etmədən qəti nəticəyə gəlmək düzgün deyil. Ümumilikdə isə demək olar ki, uzun müddətli emosional gərginlik, zəif emosional tənzimləmə bacarığı və münasibətdə əvvəldən mövcud olan zorakılıq meylləri bir araya gəldikdə impulsiv və təhlükəli davranış riski arta bilər. Bu səbəbdən münasibətlərdə psixoloji gərginliyin erkən mərhələdə aşkar edilməsi və peşəkar dəstəyin alınması həm tərəflərin, həm də ətrafdakı insanların təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır”, – deyə psixoloq fikrini tamamlayıb.
Xatırladaq ki, ötən gün Gəncədə qadın boşanmaq istəyən ərini maşınla vurub.