Sosial şəbəkədə biz:
Dronlar, ittihamlar və “üçüncü tərəf”: Naxçıvan hadisəsi regionu necə təsirləndirə bilər?
Xəbər Şəkli

Dronlar, ittihamlar və “üçüncü tərəf”: Naxçıvan hadisəsi regionu necə təsirləndirə bilər?

06 March 2026, 08:37
Siyasət

Martın 5-də İrandan Naxçıvana 4 dron atıldığı bildirilir. Rəsmi məlumata görə, dronlardan biri Naxçıvan Hava Limanının terminal binasına, biri Şərurun Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Bir dron zərərsizləşdirilib, digər dron isə naməlum istiqamətə düşüb. Naxçıvan Hava Limanına düşən dron nəticəsində 4 nəfər xəsarət alıb.

Xarici İşlər Nazirliyinin bəyanatında İran tərəfinin qısa müddətdə hadisəyə aydınlıq gətirməsi, izahat verməsi və belə halların təkrarlanmaması üçün tədbir görməsi tələb olunur.  XİN həmçinin bildirib ki, İranın Azərbaycandakı səfiri Müctəba Dərmiçilu nazirliyə çağırılıb və ona etiraz notası təqdim olunacaq.

Azərbaycan Müdafiə Nazirliyi isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin qorunması, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin edilməsi üçün cavab tədbirlərinin hazırlandığını və hücumun cavabsız qalmayacağını açıqlayıb.

İran tərəfi isə ittihamları rədd edib. İranın xarici işlər nazirinin müavini Kazem Qaribabadi və Silahlı Qüvvələrin Baş Qərargahı hücumun İran tərəfindən həyata keçirilmədiyini bildirərək, bunun İsrail tərəfindən regionda gərginlik yaratmaq məqsədilə törədildiyini iddia edib.

Prezident İlham Əliyev isə Təhlükəsizlik Şurasının iclasında baş verənləri “terror aktı” adlandırıb. Prezident 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumu xatırladaraq bildirib ki, bu cür hadisələr daha əvvəl də baş verib.

Eyni zamanda hökumətyönlü mediada İrana qarşı tənqidi yazıların yayımlanmağa başladığı müşahidə olunur. Müxtəlif medialarda dərc olunmuş həmin yazılarda eyni dəsti xəttin təkrarlanması onun bir mərkəzdən yazıldığına dair şübhələr yaradıb.

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Martın 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçı ilə telefon danışığında bildirib ki, Azərbaycan ərazisindən İrana qarşı hərbi məqsədlərlə istifadə olunmayacaq.

Martın 2-də Azərbaycan Prezidenti İlham Əliyev İranın ali dini lideri Əli Xameneinin öldürülməsi ilə bağlı iranlı həmkarı Məsud Pezeşkiana başsağlığı verib. Martın 4-də isə İlham Əliyev İranın Azərbaycandakı səfirliyini ziyarət edib və Xameneinin, eləcə də bir çox mülki şəxsin həlak olması ilə əlaqədar başsağlığını çatdırıb.

Bundan iki gün əvvəl “Qəzetçi” mənbələrə istinadən yazmışdı ki, Azərbaycanın İranla sərhədində yerləşən hərbi hissələr döyüş hazırlığı vəziyyətinə gətirilir və bölgəyə əlavə qüvvələr cəlb olunur.

Bunun ardınca isə martın 5-də Naxçıvanda dron hücumu ilə bağlı məlumatlar yayılıb.

Bu ziddiyyətli proseslər fonunda hadisənin arxasında kimin dayandığı, baş verənlərin kimin marağına xidmət etdiyi, bunun regiondakı güc balansına və xüsusilə İran–Azərbaycan münasibətlərinə necə təsir göstərə biləcəyi sualları açıq qalır.

Zərdüşt Əlizadə: “Bu addım İsrail casuslarının işi ola bilər”

Siyasi şərhçi Zərdüşt Əlizadə bildirir ki, Azərbaycandan İrana heç bir təhlükə yoxdur. Onun sözlərinə görə, bu barədə Azərbaycan rəhbərliyi də daha öncə açıqlama verib.  

“Azərbaycanın gerçək hərəkətləri, fəaliyyəti, siyasəti, hamısı sübut edir ki, Azərbaycandan İrana heç bir təhlükə yoxdur. İrana Azərbaycanla düşmənçilik, müharibə, qarşıdurma əsla lazım deyil. Bu, mənasızdır. Mən əminəm ki, bunu ya Azərbaycan ərazisində hansısa bir İsrail casusu edib, ya da İran ərazisindən hansısa casus edib”.

Ekspertin fikrincə, İsrailə İranla Azərbaycan arasında normal münasibətlər olması əlverişli deyil. onun sözlərinə görə, Azərbaycan İrana, İran da indiki vəziyyətində Azərbaycana hücum edəsi deyil. 

Elman Fəttah: “Hadisə İran daxilində idarəetmə böhranının nəticəsi ola bilər”

Beynəlxalq məsələlər üzrə ekspert Elman Fəttah İranın Azərbaycana dron hücumunu gözlənilməz hesab edir. onun sözlərinə görə,  bütün ağıllı və normal proqnozlar ondan ibarət idi ki, İran heç bir halda Azərbaycanı və Türkiyəni müharibəyə cəlb edəcək addımlar atmaz. Bunun üçün heç bir səbəb də olmadığını deyən ekspert bildirir ki, Türkiyə də, Azərbaycan da ABŞ ilə İsrailin hücumundan dərhal sonra İranın suverenliyinə və ərazi bütövlüyünə öz hörmətlərini ehtiva ediblər. 

“Azərbaycana dron hücumu, İranın mərkəzi komandanlığını itirməsinin nəticəsidir. Bir neçə gün əvvəl İran Prezidenti açıqlama vermişdi ki, ekstremal vəziyyət üçün yerlərdəki qüvvələrin vəziyyətə uyğun qərar qəbul etmə səlahiyyəti ilə təmin edilməsi məsələsi həll olunub. Bu, o deməkdir ki, İran artıq mərkəzi komandanlığını itirdiyi üçün insiativi yerli güclərə və qüvvələrə verir. Mümkündür ki, bu yerli güclər və qüvvələr öz təşəbbüsləri ilə belə bir addımı atsınlar”. 

Onun sözlərinə görə, əgər bu cür hücumlar təkrar olunsa, Azərbaycanın digər ərazilərinə və ya Türkiyəyə qarşı ardıcıl xarakter alsa, həm Azərbaycan, həm də Türkiyə buna cavab verə bilər. Bu da regionda eskalasiyasını yüksək həddə çatdıra bilər. Elman Fəttah düşünür ki, dron hücumunun üçüncü qüvvələr tərəfindən edilməsi fikri ilk baxışdan məntiqli görünür. 

“Çünki indiki vəziyyətdə İran-Azərbaycan və İran-Türkiyə münasibətlərinin korlanması, İrana qarşı hücum əməliyyatı aparan ABŞ və İsrail koalisiyasının maraqlarına cavab verir”. 

Ekspert fikrini həm də onunla davam etdirir ki,  Azərbaycanın və Türkiyənin hava hücumundan müdafiə sistemləri İrandan gəlməyən raket və ya dronun mənbəyini qəti şəkildə bu ölkəyə aid etməzlər. Çünki hər iki ölkə İranla münasibətlərin müharibə səviyyəsinə çatmasını istəmir. 

“Bu, qətidir ki, Naxçıvana düşən dron İran Hərbi Qüvvələrinə məxsusdur. Dediyim kimi, bu vəziyyətin izahı ondan ibarətdir ki, İran mərkəzi komandanlığını itirdiyi üçün baş verən hadisə yaranan xaotik idarəetmənin nəticəsidir”.

Hava hücumundan müdafiə sistemi ilə bağlı suallar və səhlənkarlıq iddiası

Naxçıvana düşən dronların Azərbaycan hava hücumundən müdafiə sistemləri tərəfindən qarşısının alınmaması məsələsinə gəlincə, hərbi ekspert Cəsur Məmmədov Meydan TV-yə bildirib ki, bu, Azərbaycan Hərbi Hava Qüvvələrində, xüsusilə Hava Hücumundan Müdafiə Qüvvələrində olan çatışmazlıqları ortaya çıxaran bir məsələdir.

“Azərbaycan Qarabağ müharibəsini təzəlikcə başa vurub. Buna görə də regiondakı vəziyyət və Azərbaycan ərazilərinə hər hansı müdaxilə hallarını rəsmi Bakı qeyd etməli və buna hazırlıqlı olmalı idi. Görünür, hazırlıqsız olublar, səhlənkarlıq ediblər”. 

Ekspertin fikrincə, bundan sonra Azərbaycan tərəfi Astaradan, yəni Xəzər dənizindən Türkiyə sərhədinə qədər bütün İran sərhədini ciddi nəzarətə götürməlidir.