Sosial şəbəkədə biz:
Elşən Manafov: "Bir sıra amillər Avroittifaq daxilində çatları dərinləşdirir"
Xəbər Şəkli

Elşən Manafov: "Bir sıra amillər Avroittifaq daxilində çatları dərinləşdirir"

15 December 2025, 10:25
Siyasət

ABŞ Prezidenti Donald Tramp administrasiyasının 4 Avropa ölkəsinin Avropa Birliyindən (AB) çıxmasını istədiyi ortaya çıxıb. Sızdırılmış ABŞ Milli Təhlükəsizlik Strategiyası sənədində sözügedən dörd ölkənin adları da açıqlanır.

“The Telegraph” qəzetinin məlumatına görə, 4 dekabrda dərc olunmuş rəsmi Milli Təhlükəsizlik Strategiyası hesabatında Avropanın miqrasiyanı azaltmadığı təqdirdə "sivilizasiyanın süqutu" ilə üzləşəcəyi, mövcud tendensiyaların davam edəcəyi təqdirdə isə “20 il və ya daha az müddətdə tanınmaz vəziyyətə düşəcəyi " barədə xəbərdarlıq edilib. Sızdırılmış sənədin 29 səhifəlik bir hissəsində "Avropanı yenidən böyük etmək" üçün nə edilə biləcəyi barədə daha açıq ifadələr yer alıb. Tramp administrasiyasının, Avstriya, Macarıstan, İtaliya və Polşanın Böyük Britaniyanın Brexit prosesinə bənzər şəkildə AB-dən çıxmasını istədiyi bildirilir. Qeyd edilir ki, Avropada həddindən artıq miqrasiya və multikulturalizm sivilizasiyanın aşınmasına səbəb olur və bunun üçün ənənəvi Avropa həyat tərzini qorumaq üçün çalışan partiyalar, hərəkatlar və ziyalılar dəstəklənməlidir.

"Avropa Birliyinə qarşı çıxmaq ənənəsinə malik olan dörd ölkə ilə daha çox iş görülməlidir və məqsədimiz onların Aİ-dən çıxması olmalıdır" – deyə hesabatda bildirilir. Ağ Ev isə sızdırılmış sənədləri təkzib edib və bunu "saxta xəbər" adlandırıb. 

Düzdür, Ağ Ev bunu təkzib edib, amma bu məlumatın həqiqət olması ehtimalı böyükdür. Məsələ ondadır ki, adı çəkilən dövlətlərin dördü də Avropa İttifaqına təftişçi nəzərlə baxıblar. Söhbət Avstriya, Macarıstan, İtaliya və Polşadan gedir. Bircə Polşanın o siyahıda olması təəccüblü görünsə də, digərləri ilə bağlı deyilənlər həqiqətdir. Bütün bu deyilənlərin fonunda, sözügedən ölkələrin Avroittifaqdan çıxmaq perspektivi nə dərəcədə realdır?

Sözügedən məsələni Azinforum.az-a şərh edən politoloq Elşən Manafovun fikrincə, Avropa Birliyinin daxilində özünü getdikcə daha qabarıq şəkildə biruzə verən dağıdıcı proseslər onun müasir dünyanın qlobal çağırış və təhdidlərinə münasibətdə vahid və yekdil mövqe sərgiləyə bilməməsinin nəticəsidir: “Qlobalistlərin birliyi Rusiya və Ukrayna arasındakı müharibəyə sürükləmələri bu prosesləri daha da dərinləşdirib. AB-nin qlobal layihələrə ABŞ maraqları konteksindən yanaşmasına səbəb olub. Sovet İttifaqının çökməsi, dünya sosialist sistemi ölkələrinin isə qlobalist layihələrinin tərkibində yer alaraq əvvəlcə AB-ni, ardınca isə Qərbin təhlükəsizlik sisteminə - NATO-ya cəlb olunmaları beynəlxalq arenada AB-ni qlobal oyunçuya çevrildiyi təəssüratını doğurub. Əslində isə bu Avropanın ABŞ-dakı qlobal liberialist dairələr tərəfindən işğalı olmaqla AB-ni gil ayaqlı nəhəngə çevirib. İşğalın birinci mərhələsi İkinci Dünya müharibəsindən sonra ABŞ-ın “Marşal planı” ilə başlayıb. Sovet İttifaqının çökməsi ilə Şərqi Avropanın da ilhaqına şərait yaratmaqla başa çatıb. Rusiyanın qlobal masştablı oyunçuya çevrilməsi, ABŞ-da isə sabiq prezident Monronun geosiyasi konsepsiyasını yenidən gündəmə qaytaran Trampın iqtidara gəlməsi ilə qlobalistlərin birqütblü dünya yaratmaq və istiqamətləndirmək kimi səyləri dalana dirənmiş, Rusiya və Çinin çağırışlarına cavab verən və milli suverenlik siyasətinin tərəfdarları olan Hindistan, İran, Venesuella, CAR, Braziliya və s kimi dövlətlərin çoxqütblü dünya tərəfdarları sırasına qoşulmaları ilə AB-nin Brüsseldən dünyanı yönəltmək kimi qlobal liberal layihələrinin iflasa uğrayacağı Birlikdəki dağıdıcı proseslərə kifayət qədər ciddi təsir göstərib. Birlik daxilində ifrat liberal layihələrin təşəbbüskarı kimi çıxış edən Fransanın Britaniyanın BREXİT oyunundan sonra AB-dəki hegemonluq iddiaları, bunun Almaniyada doğurduğu narazılıq, AB-də miqrantlarla bağlı siyasət, bu siyasətin mental, dini və etnik müstəvidə gəlmələr və yerlilər arasında münasibətlərdə doğurduğu gərginlik, ifrat multikultirializm, bu siyasətə söykənərək islam dini, onun müqəddəslərinə münasibətdə antihumanist, qanundan kənar hərəkətlər, sivilizasiyalar arasında dini zəmində qarşıdurma meyllərinin güclənməsi AB-nin divarlarında çatı dərinləşdirən amillər oldular. ABŞ-ın avronu sıxışdırmaq və dolları müdafiə üçün Beynəlxalq Bankın dəstəyi ilə həyata keçirdiyi tədbirlər, Şengen zonası ətrafında qalmaqallar, Kosovo problemi və onun AB-də doğurduğu rezonans, qlobalistlərin Belçika üzərindən Rusiya ilə münasibətləri qarşılıqlı maraq və mənfəət prinsipi üzərində qurmaq istəyən milli siyasi elitalara, məsələn Almaniyada Şroder, İtaliyada Berluskoniyə təzyiqləri, "Şimal 1" qaz kəmərinin partladılması, Rusiyanın Avropanın enerji bazarlarından sıxışdırıb çıxarmaq üçün səhnələşdirdiyi tamaşalar AB-nin Belçikadan qlobalislərin çubuğu ilə idarə olunan bürokratik idarəetmə qurumuna çevrildiyini göstərir. Serbiya, İtaliya, Macarıstan, Slovakiya adətən bitərəf mövqeyi ilə fərqlənən Avstriyanın qlobalistlərin antiRusiya istəklərinə təmsil etdikləri xalqların milli maraqları konteksindən yanaşaraq Rusiya ilə əməkdaşlıqdan imtina etməyəcəkləri ilə bağlı mövqeləri AB-ni qlobal kiborqa çevirmək istəyənlərin maraqlarına cavab vermədiyindən onların çıxdaş edilməsi ilə bağlı layihələr üzərində iş artıq genişlənib”.

VİDADİ