Sabiq Baş nazir Fuad Nəcəflini ifşa edən faktları açıqladı
Naxçıvan Muxtar Respublikasının sabiq Baş naziri (2020-2024) Səbuhi Məmmədov "TNS TV"-nin efirində Prezidentin Naxçıvandakı sabiq səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin fəaliyyəti ilə bağlı şok fikirlər səsləndirib.
S. Məmmədov bildirib ki, Fuad Nəcəfli vəzifəyə başladıqdan sonra Naxçıvanda idarəetmədə kollegiallıq prinsipi pozulub, qərarlar institusional mexanizmlərdən kənar, əsasən şəxsi iradə ilə qəbul edilib. Onun bildirdiyinə görə, bu yanaşma xüsusilə dövlət vəsaitlərinin xərclənməsində özünü açıq şəkildə göstərib.
Sabiq Baş nazir deyib ki, həmin dövrdə Fuad Nəcəfli özünü toxunulmaz və əvəzolunmaz fiqur kimi aparırdı: “O, heç kimdən çəkinmirdi, heç bir dövlət mexanizmini nəzərə almırdı. Qərarları nəticələrini düşünmədən verirdi”.
S. Məmmədov əlavə edib ki, israf olunan vəsaitdən doğan 700 min manatdan artıq ƏDV-nin də Türkiyədəki şirkətlərin üzərinə yazılması ayrıca hüquqi suallar yaradır.
Səbuhi Məmmədovun sözlərinə görə, Fuad Nəcəfli Naxçıvanın idarə olunmasında rəsmi statusu olmayan şəxslərə geniş səlahiyyətlər verib. Bu şəxslər dövlət qurumlarının işinə açıq şəkildə müdaxilə edib, iclaslarda iştirak edib, tikinti və abadlıqla bağlı qərarlara təsir göstəriblər. Bu cür müdaxilələr nəticəsində - bəzi məktəb binaları əsassız şəkildə sökülüb, rayon icra hakimiyyətlərinə qanunsuz tapşırıqlar verilib, milyonlarla manatlıq layihələr tender prosedurları olmadan icra edilib.
Sabiq Baş nazirin açıqladığı ən ciddi məlumatlardan biri də dövlət ehtiyatlarında saxlanılan ərzaq məhsulları ilə bağlıdır. Onun sözlərinə görə, dövlət vəsaiti hesabına alınmış, dəyəri 6,5 milyon manata çatan minlərlə ton buğda ayrı-ayrı şəxslərə paylanıb. S. Məmmədov bu faktı belə qiymətləndirib: “Dövlət ehtiyatı şəxsi mülk deyil. Onun bu şəkildə paylanması idarəetmədə məsuliyyətsizliyin və səlahiyyət həddinin aşılmasının bariz nümunəsidir”.
Səbuhi Məmmədov qeyd edib ki, Fuad Nəcəflinin fəaliyyəti dövründə səhiyyə, təhsil və kənd təsərrüfatı sahələrinə ciddi zərbə dəyib. Onun fikrincə, bu sahələrin əvvəlki vəziyyətinə qaytarılması uzun zaman və böyük resurslar tələb edəcək. Sabiq Baş nazir vurğulayıb ki, Naxçıvanda yaranmış vəziyyət təkcə fərdi səhvlərin yox, idarəetmədə sistemli problemlərin nəticəsi idi.
Səbuhi Məmmədovun fikrincə, bu faktlar hüquqi müstəvidə araşdırılmalı, dövlət vəsaitinin xərclənməsində məsuliyyət prinsipi bərpa olunmalıdır. O, hesab edir ki, yalnız bu halda Naxçıvanda cəmiyyətin itirilmiş etimadı geri qaytarıla bilər. "AzPolitika"