Sosial şəbəkədə biz:

Ukraynanın eks-prezidenti Azərbaycana gəlir

Ukraynanın eks-prezidenti Azərbaycana gəlir
Xəbər Şəkli
14 August 2026, 09:06
Siyasət

Ukraynanın 3-cü prezidenti (2005-2010) Viktor Yuşşenko yaxın günlərdə Azərbaycan Respublikasına səfər edəcək.

Bu barədə Musavat.com-a özəl açıqlaması zamanı deputat, Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Əlibala Məhərrəmzadə bildirib.

Milli Məclisin üzvünin sözlərinə görə, bu, Ukraynanın eks-prezidentinin növbəti, ənənəvi səfərlərindən biridir. V.Yuşşenkonun Azərbaycanın rəsmi şəxsləri ilə görüşləri gözlənilir. Səfər əsnasında keçiriləcək görüşlərdə Azərbaycan-Ukrayna münasibətləri, əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılacaq. Eyni zamanda Sumqayıt şəhərində Ukraynanın məşhur şairlərindən, yazar, qəzetçi və tərcüməçilərindən olan İvan Frankonun abidəsinin açılış mərasimində iştirakı və rəhbər şəxslərlə görüşləri gözlənilir.

Ə.Məhərrəmzadə xatırladıb ki, V.Yuşşenko vaxtilə Azərbaycanın Ukrayna ərazilərində torpaqları icarə götürməsi təşəbbüsü ilə çıxış edən və bu addımları dəstəkləyən şəxslərdən olub:

“Bu ilin noyabr ayında dövlətlərarası komissiyanın Ukraynada 3-cü görüşü keçiriləcək. Bu toplantıda da torpaqların icarəsi məsələsi prioritet məsələlərdən biri olacaq. Düşünürəm ki, Viktor Yuşşenkonun Azərbaycana budəfəki səfəri dövlətlərarası komissiyaların iclasına əlavə təkan verəcək və bu məsələdə mühüm rol oynayacaq. Çünki səfər zamanı da bu barədə müzakirələr gedəcək, həmin hazırlıq prosesinin hansı qaydada aparıldığı müzakirə olunacaq. Həm Ukrayna, həm də Azərbaycan dövlətlərarası komissiyaya çox böyük önəm verir və toplantıya ciddi hazırlıq gedir”.

Milli Məclisin deputatı həmçinin bildirdi ki, Azərbaycanın icarəyə götürdüyü Ukrayna əraziləri bizim ərzaq təhlükəsizliyimizin təmin olunması baxımından vacib əhəmiyyət kəsb edir: “Özü də nəinki Azərbaycanın, hətta Türkiyənin də taxılla təmin olunması, ərzaq təhlükəsizliyinin tam ödənilməsi üçün bu ərazilərin önəmi böyükdür. Bu, bizim üçün çox prioritet sahələrdən biridir. Bildiyiniz kimi, Ukraynada 1 hektardan təqribən 80 - 90 sentner taxıl yığılır və bu da bizimlə müqayisədə çox böyük rəqəmdir. Həm də eyni zamanda, biz onun əvəzinə həm yem bazamızı artıra bilərik, həm də ərzaq təhlükəsizliyimizi möhkəmləndirmək imkanları qazanırıq. Düşünürəm ki, gələcəkdə də bu, bizim ölkələr arasında olan humanitar missiyanın daha da böyüməsinə, əlaqələrimizin inkişafına, münasibətlərə töhfə verə bilər”.

Qeyd edək ki, bir müddət öncə Azərbaycan parlamentinin üzvləri də Ukraynaya səfər etmişdilər. Daha sonra isə XİN başçısı Ceyhun Bayramov Kiyevə səfər etdi, ölkə rəhbərliyi ilə görüşlər keçirdi, vacib müzakirələr aprdı.

 Ə.Məhərrəmzadə onun və deputat həmkarı Erkin Qədirlinin Ukraynadakı səfəri barədə danışmaqla yanaşı, qeyd etdi ki, iki ölkə arasındakı münasibətlər Azərbaycan və Ukrayna liderlərinin Qəbələ görüşü ilə daha da möhkəmləndirilib. Həmçinin, xarici işlər naziri Ceyhun Bayramovun səfəri də Bakı və Kiyev arasında əlaqələrə əlavə töhfə verib: “Heç şübhəsiz, bu məsələlərin təməli cənab Zelenskinin Qəbələ səfəri ilə qoyuldu, münasibətlərdə yeni mərhələ Ukrayna rəhbərinin Azərbaycavn Prezident ilə görüşündən başladı və cənab Prezidentin tövsiyəsi nəticəsində dövlətlərarası komissiyanın noyabr ayında keçirilməsi planlaşdırıldı. Viktor Yuşşenkonun səfəri daxil olmaqla, bu bütün səfərlər, qarşılıqlı görüşlər, keçirilən tədbirlər hamısı qarşıya qoyulan məqsədlərə xidmət edir”.