"TV Musavat"ın baş redaktoru Sevinc Telmanqızı "Səhər Xəbər" verilişində ölkədə istehlakçıların üzləşdiyi problemlər, marketlərdəki saxta endirim kampaniyaları və əhalinin israfçı alış-veriş vərdişləri haqqında sərt açıqlamalar verib.
Aparıcı bildirib ki, Azərbaycanda vətəndaşlar tez-tez aldadılır və istehlakçı hüquqları pozulur. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun açıqlamalarına istinadən qeyd olunub ki, Azərbaycan istehlakçıları ehtiyacından çox alış-veriş edir, qənaətçil deyil və israfçılığa meyillidirlər. Bu israfçılıq həm qida məhsullarında, həm də sənaye mallarında özünü büruzə verir. Uşaqlıqdan formalaşan artıq alış-veriş vərdişləri sonradan insanları acgöz istehlakçılara çevirir, nəticədə isə həm maddi itkilər yaranır, həm də evlərdə istifadə olunmayan əşyalar və zibilə gedən qida məhsulları çoxalır: "Azərbaycan istehlakçıları almadıqları mallara görə təxminən 500 milyon manat artıq pul ödəyiblər. İstehlakçı hüquqlarının qorunması və marifləndirmə işinin zəif olması bu problemlərin davam etməsinə şərait yaradır."
Marketlərdə tətbiq olunan üsullara diqqət çəkən Sevinc Telmanqızı vurğulayıb ki, ən geniş yayılmış hallardan biri rəfdə başqa, kassada isə tamamilə fərqli qiymətin çıxmasıdır. Eyni zamanda, istifadə müddətinin bitməsinə cəmi bir-iki gün qalmış məhsulların endirim adı altında istehlakçılara sırındığını, "mağaza bağlanır" və ya "bütün mallar ziyana satılır" kimi yalan kampaniyalarla süni qiymət oyunlarının qurulduğunu qeyd edib.
Ekspertlərə istinadən bildirilib ki, yalnız bu cür hallara görə istehlakçılar illik təxminən 500 milyon manat artıq pul ödəyirlər. Vətəndaşlara marketlərdə, geyim və məişət malları mağazalarında maksimum ehtiyatlı olmaq, qiymətləri kassada mütləq yoxlamaq, endirim kampaniyalarına tənqidi yanaşmaq və impulsiv alış-verişlərdən çəkinmək tövsiyə olunub.