Sosial şəbəkədə biz:

“Robot şoronlaşmış, deqradasiyaya məruz qalmış torpaqlarda nə iş görəcək?”

“Robot şoronlaşmış, deqradasiyaya məruz qalmış torpaqlarda nə iş görəcək?”
Xəbər Şəkli
30 July 2026, 08:54
İqtisadiyyat

“Kəndlərdə işçi qüvvəsi kifayət qədərdir. Təsəvvür edin, normal inkişaf etmiş ölkələrdə əhalinin 2-3 faizi, Azərbaycan əhalisinin 37 faizi kənd təsərrüfatı məhsulu istehsalı ilə məşğuldur. Kənd təsərrüfatında 1 milyon 700 min işləyən insan var. Biz fokslanmalı deyilik ki, kənddə işçi qüvvəsi çox olsun. İşçi qüvvəsini işlə təmin etmək problemi mövcuddur. Nə üçün kənddə yaşayanların əksəriyyəti şəhərə qaçır və ya digər ölkələrə gedir? Onlar şəhərdə rahatlıqla iş tapa bilirlər, fərqli sahələr üzrə işləyirlər. Ona görə də elə siyasət aparmaq lazımdır ki, kənddə yaxşı kənd təsərrüfatı məhsulu istehsalı ilə məşğul ola biləcək yüksək peşəkar bağbanlar, heyvandarlıqla məşğul ola biləcək heyvandarlar, taxılçılar və s. yetişsin. Bunun üçün Kənd Təsərrüfatı Nazirliyi siyasəti müəyyən etməlidir. İsraildə 2 faiz işləyir, amma necə sürətlə inkişaf edir və etməkdə davam edir”.

Bu sözləri Pravda.az-a açıqlamasında aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov Aqrar Xidmətlər Agentliyi sədrinin müavini Elməddin Namazovun şəhərə axın nəticəsində kənd yerlərində işçi qüvvəsinin azalması ilə bağlı dediklərinə münasibət bildirərkən deyib.

O həmçinin qeyd edib ki, E.Namazov innovativ, süni intellekt əsaslı robotlarla və ya az əmək sərf edilən, daha çox texnika üzərindən formalaşdırılan təsərrüfat istehsalı sahəsinə keçilməlidir desə də, hazırda bu imkan yoxdur: “Mətbuatın başını qatırlar. Onların özlərinin səviyyəsi nə dərəcədə bunların hamısını dərk və tətbiq etməyə imkan verir? Boş-boş şeylərdir. Ordan-burdan, internetdən oxuyurlar. Harada biz o robotlardan istifadə edə bilərik? Robot şoronlaşmış, deqradasiyaya məruz qalmış torpaqlarda nə iş görəcək? Elə iş var ki, o robotluq deyil. O sahəyə məsul olan yüksək vəzifəli məmurlar düşünməlidir ki, yüksək texnologiya üçün torpağımızı hazır etmişik, heyvandarlığı inkişaf etdirmişik? Yox... Ciddi məşğul olmalıyıq. Seleksiya, yeni sortların, yeni cins heyvanların yetişdirilməsi və ya xaricdən alıb gətirilməsi ilə məşğul olunmalıdır. Onlar gətirirlər, amma bir o qədər məhsuldar olmur. Həmçinin su təminatı məsələsi də var. Aran bölgəsindən mənə zəng edib bildirirlər ki, su problemi var. Su, texnika, anbar, torpaq, istehsal olunan məhsulu bazara çıxartmaqda problemlər var. Kəndlini aldatmaq mümkün deyil. Robot bunun hansını görəcək? Onlar son zamanlar guya elektron informasiya sistemi yaradıblar. Amma istehsalla bağlı 6 ayın dəqiq məlumatını ala bilmirik. Bu necə olur?! Əvvəllər elektron informasiya sistemi olanda ala bilirdik, amma indi yoxdur. Kənd Təsərrüfatı Nazirliyində olan məmurlar qeyri-peşəkar olduqları üçün ordan-burdan nəisə oxuyurlar. Ekspert kimi təqdim edirlər. Sən ekspert deyilsən, məmursan o sahəyə məsul şəxssən. Konkret problemləri necə həll edəcəksənsə və ya etməlisənsə, ondan danışılmalıdır. Yoxsa gündəmdə qalmaq üçün robotlardan istifadə etməliyik və ya kənddə adamlar azdır, şəhərə axın edirlər  və s kimi  danışırlar... Kənd Təsərrüfatı Nazirliyinin işi yanlız robotlarla işləmək deyil. İnsanlar haradasa işləməlidir, əmək haqqı qazanmalıdır, ailəsini dolandırmalıdır. Gəlməyiblər ki, xaricdən robot gətirsinlər, robotun sayəsində nəisə etsin. Onlar problemi ört-basdır edib, istəyirlər ki, özlərini ictimaiyyətə sahəni bilən adam kimi “sırısınlar””.

 

Mütəxəssisin sözlərinə görə, problemləri kompleks şəkildə həll etmək lazımdır: “Kənd təsərrüfatını hələ robot səviyyəsinə qaldıra bilmirlər. Müasir texnologiyadan kəndli istifadə etməlidir. Su olmayandan sonra dronun faydası nədir? Problemin həllinə sudan, torpaqdan başlamalıyıq. Ondan sonra isə seleksiya ilə məşğul olmalıyıq.  Bütün işlər paralel getməlidir. Biz bu işləri görəcək kadr, mütəxəssis hazırlamalıyıq. Yəni robotla işləyə biləcək, müasir texnologiyanı tətbiq etmək bilgi və təcrübə tələb edir. Bu da onlarda yoxdur. Sonra yenə qeyri-peşəkarları gətirib Kənd Təsərrüfatı Nazirliyində oturdacaqlar. İndi də süni intellekt informasiya verir. Əzbərləyib çıxıb danışırlar. Problem qalır kölgədə. Çoxları o problemləri bilmir. İş burasındadır ki, bunlar mətbuatı aldadır. Jurnalistlərə də deyirəm ki, onlara samballı sual verin ki, torpaqlardada vəziyyət necədir, hansı elementlər çatışmır, hansı element çoxdur, niyə duzlaşmanın, deqradasiyanın qarşısı alınmır, örüş ərazilərimiz get-gedə azalır və s. Bunlardan danışılmalıdır. Robot, drondan danışmayın, onu kəndli özü tapıb tətbiq edəcək. Kənd təsərrüfatı problemi kompleks şəkildə həll olunmalıdır. Onu da bu sahəni dərindən bilən mütəxəssislər etməlidir. Bunlar naşılardır. Orada bir aqronom da, texnik, baytar həkimi də yoxdur. Kimləri gətirib yığıblar oraya?...”