“Kimin yuxarıda adamı varsa…” - Xalq artistindən etiraz
“Əminə Yusifqızı 89 illik ömrünün az qala 80 ilini səhnəyə həsr edib. Onunla vida mərasimi hansısa məsciddə keçirilməməli idi”.
Bunu “Yeni Sabah”a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib.
O bildirib ki, Xalq aristi ilə vida mərasimi yüksək səviyyədə təşkil olunmalı idi. Şeyx Əbdül Mahmudbəyovun fikrincə, Ə.Yusifqızı Akademik Milli Dram Teatrndan və ya Gənc Tamaşaçılar Teatrndan son mənzilə yola salınmalı idi. pizza hut
Xalq artisti söyləyib ki, dəyərli insanlara layiq olduqları qiyməti vermək vacibdir: “Bizim dövlətdə isə bütün bu münasibətlər şəxsi məsələlər üzərində qurulub. Bu da o deməkdir ki, kimin arxa-dayağı, yuxarıda sözü keçən bir adamı varsa, o hər zaman yüksəkdə tutulur. Necə ki, yaxın günlərdə vəfat edən Cabir İmanov DTX-nın Mədəniyyət Mərkəzindən yola salındı. Bir dövlət nümayəndəsi olaraq, onunla lazımı şəkildə vida mərasimi təşkil edildi. Kimliyindən asılı olmayaraq, hər bir incəsənət adamına yüksək səviyyədə vida mərasimi təşkil etmək lazımdır”.
Xalq artisti həmçinin qeyd edib ki, kimliyindən asılı olmayaraq, yəni məşhur ya qeyri-məşhur biri üçün məsciddə vida mərasimi təşkil etmək doğru addım deyil. Çünki bu kimi tədbirlərdə, həm kişilər, həm də qadınlar iştirak edirlər. Dədə-babadan qadının məscidə getdiyi harada görülüb?”.
Şeyx Əbdül Mahmudbəyov bundan əlavə, yas mərasimlərinin təşkili məsələsinə də toxunub, bunu tənqid edib: “Yaslarda sözün əsl mənasında banketlər təşkil olunur. Bütün bunların qarşısını almaq üçün lazımi tədbirlər görmək vacibdir. Bu cür mərasimlər demək olar ki, heç kəsin cibinə uyğun deyil. İnsanın ölüsü kənarda qalır hər kəs yeyib-içmək hayına düşür. Mollanın nə oxuduğuna belə qulaq asan olmur. Bəzi rayonlarda bu kimi tədbirlər yavaş-yavaş aradan qaldırılır. Ümid edək ki, belə banketlər tamamilə aradan qaldırılar”.
Qeyd edək ki, Xalq artisti Əminə Yusifqızı oktyabrın 9-da 89 yaşında vəfat edib. Onunla vida mərasimi Bakının Təzə pir məscidində keçirilib. Mərhum Yasamaldakı “Qurd qapısı” qəbiristinlığında dəfn olunub.