Bayraq günü Cümhuriyyətin tarixi ilə bağlıdır - DEPUTAT
Bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür. Azərbaycan bayrağı hazırda ölkəmizin bütün suveren ərazilərində qürurla dalğalanır. Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Bayrağı sadəcə, bayraq deyil, O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Dövlətçilimizin rəmzi olan bayrağımız 30 ilə yaxın düşmən işğalında qalan bütün yaşayış məntəqələrində artıq qürurla dalğalanır.
Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Üçrəngli Bayrağımız yenidən 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir. Bununla da, Azərbaycanın üçrəngli bayrağı yenidən ölkəmizin səmalarında dalğalanmağa başladı.
Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, müstəqilliyimiz bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Zəfər rəmzi olan üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması qürurumuzun, milli kimliyimizin, sabaha doğru inamlı addımlarımızın əsasıdır. Uzun müddət həsrətlə baxdığımız torpaqlarda bu gün üçrəngli bayrağımız dalğalanır: qürurla və əbədi.
Vüqar Bayramov, millət vəkili