Sosial şəbəkədə biz:
Gürcüstan azərbaycanlıları petisiya kampaniyasına başlayıb
Xəbər Şəkli

Gürcüstan azərbaycanlıları petisiya kampaniyasına başlayıb

24 September 2025, 08:57
Siyasət

Sentyabrın 19-u Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda axşam saatlarında insident baş verib.

Hadisə zamanı Marneuli bələdiyyə məclisinin sədr müavini Riçard Qiqaninin oğlu Mamuka Qiqani “Melody” şirniyyat evinə gələrək orada çalışan yeniyetmədən gürcü dilində danışmağı tələb edib.  Yeniyetmə gürcü dilində cavab verə bilmədikdə həmin şəxs ona şillə vurub. Bu zaman ətrafda olan vətəndaşlarla Qiqani arasında qarşıdurma yaşanıb.  Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və adıçəkilən şəxsin polis şöbəsinə aparıldığı qeyd olunub. Hadisə baş verən əraziyə parlament deputatı Zaur Darğalı, Marneuli merliyinə namizəd Daur İsmayılov və Bələdiyyə sədri Amiran Qiorqadze də gəliblər.

24news.ge-nin məlumatına görə, ətrafda çəkilmiş görüntülərdə Mamuka Qiqaninin polis və yerli hökumət nümayəndələrinin göstərişlərinə tabe olmadığı, mərkəzi küçədə qışqıraraq qeyri-etik davranışlar sərgilədiyi müşahidə olunub. 

Bundan əlavə, Bələdiyyə sədrinin müavini Riçard Qiqaninin polis əməkdaşı olan digər oğlunun da bir neçə gün əvvəl başqa bir vətəndaşa qarşı fiziki zorakılıq göstərdiyinə dair məlumatlar yayılıb.  

Baş verən bu hadisələr həm ictimaiyyətdə, həm də yerli siyasi dairələrdə ciddi narazılığa səbəb olub. Müxalifət nümayəndələri baş verənləri sərt tənqid edir və bunun ilk belə hadisə olmadığını vurğulayırlar.  Siyasətçilərin fikrincə, baş verənlərdən sonra Mamuka Qiqani mütləq şəkildə məhkəmə qarşısına çıxarılmalı və layiqli cəzalandırılmalıdır.

Daha sonra insidentlə bağlı DİN açıqlama yayıb.

Məlumatda qeyd olunur ki, sentyabrın 19-u axşam saat 20:30 radələrində Marneuli şəhərində baş vermiş insidentlə bağlı Daxili İşlər Nazirliyi tərəfindən istintaq başlanılıb.  Hadisə ilə bağlı istintaq Cinayət Məcəlləsinin 126-cı maddəsinin birinci hissəsi ilə aparılır. Həmin maddə yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan, əlilliyi olan şəxsə və ya hamilə qadına qarşı zorakılıq törədilməsini nəzərdə tutur.

Daxili İşlər Nazirliyi 27 yaşlı Mamuka Qiqaninin saxlanılması ilə bağlı məlumat yayıb. Saxlanılan şəxsi 2 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Həmçinin Mamuka Qiqaninin atası Riçard Qiqani 1990-cı illərdə Marneulidə azərbaycanlılara qarşı zorakı əməlləri ilə tanınır, lakin bu vaxta qədər məsuliyyətə cəlb olunmaması insanları narahat edir.

Hüquq müdafiəçisi Samirə Bayramova “Marneulidə azərbaycanlılara qarşı diskriminasiya və zorakılıq dayandırılsın!” adlı petisiya başladıb.

Petisiyanın mətnində deyilir:

“Biz, aşağıda imza atanlar, Gürcüstan hökumətindən və beynəlxalq insan hüquqları institutlarından aşağıdakı tədbirlərin görülməsini tələb edirik:

– Riçard Gigani və Tornike Mtvarelidze Yerli İdarəetmə Seçkilərinin proporsional siyahısından çıxarılsın və Marneuli Bələdiyyəsindəki vəzifələrindən azad edilsin. Mamuka Gigani Marneuli Bələdiyyəsindən azad edilsin. Riçard Giganinin zorakıllıq halları 90-ci illərdə də öz hüquqi cavabını almadı və müvafiq olaraq ailəsi tərəfindən bu gün də zorakıllıq, zorbalıq, fiziki şiddət davam edir.

– Yerli idarəetmə strukturlarında diskriminasiya və tolerantlıqla bağlı məcburi maarifləndirmə proqramları tətbiq edilsin.

– Hüquq-mühafizə orqanları zərərçəkmiş şəxsə və ailəsinə qarşı təzyiqləri dərhal dayandırsın, istintaq tam müstəqil və şəffaf şəkildə, qanunvericiliyə uyğun aparılsın.

– Ayrı-seçkiliyi qadağan edən qanunların icrası gücləndirilsin və pozuntulara qarşı real və ədalətli sanksiyalar tətbiq olunsun.

– Təhsil, səhiyyə, məşğulluq və dövlət xidmətlərində bərabər imkanlar təmin edilsin.

– Gürcüstan Ombudsmanı və müstəqil nəzarət qurumları tərəfindən diskriminasiya halları üzrə şikayətlərin səmərəli və qərəzsiz araşdırılması təmin olunsun”.       Meydan TV