Sosial şəbəkədə biz:
Milli Qəhrəmanlar Prezidentə müraciət ediblər
Xəbər Şəkli

Milli Qəhrəmanlar Prezidentə müraciət ediblər

10 December 2025, 09:33
Siyasət

Azərbaycanın Milli Qəhrəmanları – I qrup Qarabağ müharibəsi əlili, ehtiyatda olan polis-polkovniki Sahil Məmmədov və I qrup əlil Zabit Quliyev üzləşdikləri problemlərlə bağlı Prezident İlham Əliyevə müraciət ediblər. Müraciət mətbuat vasitəsilə ictimaiyyətə açıqlanıb.

Qəhrəmanlar bildiriblər ki, 2024-cü ildən etibarən yaranmış bəzi məsələlərin həlli ilə bağlı müxtəlif dövlət qurumlarına ünvanladıqları müraciətlər cavabsız qalıb. Onların sözlərinə görə, bu vəziyyət onları mətbuat vasitəsilə ölkə rəhbərliyinə səslənməyə vadar edib.

Müraciətdə qeyd olunur ki, dövlət tərəfindən illər boyu göstərilən diqqət və qayğı həm Ulu Öndər Heydər Əliyev dövründə, həm də Prezident İlham Əliyevin rəhbərliyi altında davam edib. Bu müddətdə onlara təqdim olunan ali mükafatlar, mənzil və avtomobil sənədlərinin dövlət başçısı tərəfindən şəxsən təqdim edilməsi xüsusi minnətdarlıq hissi ilə xatırlanır.

Milli Qəhrəmanlar vurğulayırlar ki, ölkənin təhlükəsizliyi və ərazi bütövlüyü uğrunda xidmət göstərmiş şəxslərə göstərilən dəstək onlar üçün böyük mənəvi dayaq olub və bu ənənənin qorunması dövlət–veteran münasibətlərində mühüm əhəmiyyət daşıyır.

Məmmədov və Quliyev müraciətlərində bildiriblər ki, hazırda yaşadıqları problemlərin aradan qaldırılması üçün Prezident tərəfindən qəbul edilmələrinə ehtiyac duyurlar. Onlar ümid edirlər ki, səsləndirdikləri müraciət diqqətlə araşdırılacaq və məsələlərin həlli istiqamətində zəruri addımlar atılacaq.

Müraciət “Azərbaycan dövləti hər zaman qəhrəmanlarını yüksək dəyərləndirib və bu dəyərin davam etməsi hər birimiz üçün böyük önəm daşıyır” sözləri ilə yekunlaşdırılır.

Azinforum.az