Sosial şəbəkədə biz:
Naxçıvanın yeni rəhbərini kim “vurdu”?
Xəbər Şəkli

Naxçıvanın yeni rəhbərini kim “vurdu”?

23 February 2026, 08:47
Siyasət

Naxçıvan əhalisinin Prezidentin bölgə üzrə yeni səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovun fəaliyyətindən narazı olduğuna dair iddialar səsləndirilir. Bu barədə “Gündəlik Naxçıvan” səhifəsinə danışan yerli sakinlər əsas problemin şikayətçilərin qəbul edilməməsi olduğunu bildiriblər. Onların sözlərinə görə, problemlərini çatdırmaq üçün quruma üz tutan vətəndaşlar binanın ətrafından uzaqlaşdırılır, ünvanlanan məktub və teleqramlara isə cavab verilmir.

Globalinfo.az-a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, hazırda Naxçıvanda baş verən hadisələr barədə ətraflı məlumata malik deyil:

“Konkret olaraq insanların nədən və niyə narazı olduqları barədə fikir bildirə bilmirəm. Ancaq ümumilikdə idarəetmə sahəsində qüsurlar mövcuddur. İdarəetmə prinsiplərinin müəyyənləşdirilməsi və kadr siyasətindəki problemlər fonunda narazılıq yaranır”.

Naxçıvanlı jurnalist Tural Səfər isə bildirib ki, Azərbaycan əleyhinə böhtan kampaniyasını idarə edən qüvvələr sistemli iş aparırlar:

“Onlar Cənubi Qafqazda daimi və qalıcı sülhün olmasını istəmirlər. Zəngəzur dəhlizinin açılması da onların marağına uyğun deyil. Bu baxımdan Naxçıvanı təsadüfən əsas hədəf seçməyiblər. Tramp yolunun keçəcəyi Naxçıvanın bu mərhələyə hazırlanması mühüm əhəmiyyət daşıyır. Son aylarda Naxçıvan Muxtar Respublikasının inkişafı, yeni mərhələyə hazırlanması üçün böyük layihələrin icrasına start verilib.

Naxçıvanda əvvəlki illərdə icrası yubadılan Dövlət Proqramının tətbiqi istiqamətində də ciddi tədbirlər görülür.  Bu o deməkdir ki, regionda marağı olan qüvvələrin planları pozulur. O zaman nə etmək lazımdır? Dezinformasiya yayaraq əhali arasında çaşqınlıq, narazılıq, yeni rəhbərliyə inamsızlıq yaratmaq lazımdır. Ona görə də bir neçə il bundan əvvəl “Facebook” sosial şəbəkəsində yaradılan “Gündəlik Naxçıvan” adlı səhifədə paylaşılan qərəzli məlumatların sayını, yalanın dozasını xeyli artırıblar”.

Jurnalist qeyd edib ki, son 2 ayda bu səhifədə paylaşılan “tənqidi” yazıların hamısı dezinformasiyadır:

“Gündəlik Naxçıvan”a şikayət göndərən hesablar feykdir. Əgər gerçək şəxslərdirsə, bizimlə əlaqə yaratsınlar. Biz onların problemlərini Almaniyada oturub, guya naxçıvanlıların dərdinə yananlardan daha tez həll edərik.

Bu səhifəni yaradanlar kimlərdir? Səhifənin sahibləri, yaxud adminləri niyə özlərini gizlədirlər? Səhifədə yerləşdirilən telefon nömrəsindən anlaşılır ki, “Gündəlik Naxçıvan” Çexiyada yaradılıb, oradan idarə olunur. Deməli, onlar üçün heç bir risk yoxdur. Bəs özlərini niyə gizlədirlər? Ona görə üzə çıxmırlar ki, naxçıvanlılar onların kimliyini öyrənsə, necə yalançı, qərəzli insanlar olduqlarını, hansı ölkənin xüsusi xidmət orqanının qucağında oturduğunu biləcəklər.

“Gündəlik Naxçıvan” Çexiya nömrəsi ilə Almaniyadan idarə olunur, bu səhifəni yaradan “Xırxır Mamed”in kürəkəni Nadirdir. Orada paylaşılanların dezinformasiyadır.

İnanıram ki, bu gün Naxçıvanı Vətənini sevən, dövlətinə bağlı, Prezidentin tapşırıqlarını yüksək səviyyədə icra etmək bacarığına malik şəxslər idarə edir. Naxçıvan yaxın illərdə, sözün əsl mənasında, Qafqazın Dubayına çevriləcək”.