Sosial şəbəkədə biz:
Sosial şəbəkələrdəki paylaşımlarına görə 6 nəfər cəzalandırılıb - Rəsmi
Xəbər Şəkli

Sosial şəbəkələrdəki paylaşımlarına görə 6 nəfər cəzalandırılıb - Rəsmi

24 February 2026, 08:33
Siyasət

Sosial şəbəkələrdə paylaşımlarına görə 4 nəfərə inzibati həbs cəzası verilib, 2 nəfərə isə inzibati cərimə tətbiq olunub.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Məlumatda deyilir ki, həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsini pozublar, “sosial şəbəkələrdə ictimai mənəviyyatı təhqir edən, açıq hörmətsizlik göstərən və əxlaqa zidd paylaşımlar ediblər”.

Baş Prokurorluq daha sonra vətəndaşlara xəbərdarlıq edib ki, “virtual məkan hüquqdan kənar və ya nəzarətsiz bir zona deyil.

“Unutmayın ki, hər bir kəs rəqəmsal mühitdə etdiyi çağırış və paylaşdığı məzmuna görə qanunla məsuliyyət daşıyır. Milli mənəviyyatımızı hədəf alan hər bir qanunazidd əmələ qarşı bundan sonra da ciddi tədbirlər görüləcəkdir”, – məlumatda deyilir.

Milli Məclis 2025-ci il dekabrın 19-da İnzibati Xətalar Məcəlləsinə və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik edib. Dəyişiklikdə qeyd olunub ki, internet və sosial şəbəkələrdə ictimai mənəviyyatı təhqir edən, əxlaqsız ifadə və jestlər paylaşan şəxslər məsuliyyət daşıyır. Belə hallara görə 500–1000 manat cərimə və ya 30 günədək inzibati həbs tətbiq edilir. Əgər həmin xətanı inzibati cəza almış şəxs bir il ərzində təkrar törədərsə, cəza 1000–2000 manat cərimə və ya 1–2 ay həbs olacaq. Qanunun əsas məqsədi sosial şəbəkələrdə gənclərə və cəmiyyətə mənfi təsir göstərən paylaşımların qarşısını almaq və milli-mənəvi dəyərləri qorumaqdır.