Sosial şəbəkədə biz:
Zakir Həsənov dedi ki, “bağışla, gücüm çatmır” - General-mayor
Xəbər Şəkli

Zakir Həsənov dedi ki, “bağışla, gücüm çatmır” - General-mayor

24 February 2026, 13:01
Siyasət

Müdafiə nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələrinin keçmiş komandanı general-mayor Altay Mehdiyev sensasion açıqlamalar verib.

O, 56 yaşında ehtiyata buraxılmasından və 2013-cü ildən işsiz olmasından şikayətlənib.

A.Mehdiyev özü barədə bunları bildirib:

“Ordumuzun yaranmasında, inkişaf etməsində, əsasən də Naxçıvan Muxtar Respublikasının düşmən nəzarəti altında olan - 11 min hektardan artıq torpaqlarımızı, strateji yüksəklikləri bir nəfər də olsun itki vermədən qərarım və şəxsən rəhbərliyim altında azad edilməsində, Hərbi Hava Qüvvələrinin komandanı - müdafiə nazirinin müavini vəzifəsində uzun müddət xidmət edərək, Hərbi Hava Qüvvələrimizin inkişafında müstəsna xidmətlərim olub. 

Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının güc nazirləri ilə keçirdiyi toplantıda təqdimatsız, öz qərarı ilə general-mayor rütbəsinə layiq görülmüşəm. Sonradan Prezident Aparatında (hazırda Prezident Administrasiyası) qəbul edərək uzun müddətli danışıqlardan sonra “Naxçıvanı Sizə tapşırıram” söylədi. 

Möhtərəm Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev isə məni Hərbi Hava Qüvvələri Komandanı - müdafiə nazirinin müavini vəzifəsinə layiq gördü.

Sonradan general-polkovnik Zakir Həsənovu müdafiə naziri təyin etdikdə, ona  “general-mayor Altay Mehdiyev xidmətini davam etdirsin” tapşırığını vermişdi. 

General-polkovnik Zakir Həsənovun müdafiə naziri təyin olunduğu ilk gündən sərəncamına çıxararaq əvvəl “biz çörək kəsmişik, narahat olmağa dəyməz, hər şey yaxşı olacaq, cənab Prezident mənə göstəriş verib ki, Siz xidmətinizi davam etdirəsiniz” söylədi. 

Sonradan, “bağışla, gücüm çatmır” söyləyərək heç bir səbəb göstərmədən saxta olaraq hazırlatdığı tibbi sənədlərlə məni ordudan uzaqlaşdırdı”.

Altay Mehdiyev fikirlərini belə davam etdirib:

“Maraqlıdır ki, dövlətimə, xalqıma, mövcud siyasi sistemə sədaqətlə xidmət etməyimə, qanunun aliliyinə, müəyyən edilmiş hüquqi normalara, hakimiyyət mövqelərində dəyişikliklərə həmişə hörmətlə yanaşmağıma, faydalı ilə zərərli insanlar arasında fərqi gördüyümdən, mənfi baxışlarını mənə qəbul etdirə bilməmələrinə, ordumuzda xidmət etdiyim bütün müddət ərzində şərəflə xidmət edərək uğurlu döyüş əməliyyatları keçirməyə nail olduğuma baxmayaraq, general-polkovnik Zakir Həsənov müdafiə naziri təyin olduği ilk gündən mənə “narahat olma, biz çörək kəsmişik, hər şey yaxşı olacaq” söyləməsinə baxmayaraq, görəsən hansı səbəbdən mənə qarşı saymaqla bitməyən haqsızlıqlara qərar vermişdir?

Lakin bu günə qədər bütün gördüyüm tədbirlərdə yeganə məqsədim mənə qarşı törətdikləri ədalətsizliyin səbəblərini öyrənmək və qanuni yollarla həllinə nail olmaqdan ibarət olmasına baxmayaraq, çox əfsuslər olsun ki, məqsədimə nail olmağım mümkün olmamışdır.

Bəzən düşünürəm, bəlkə mənim ideyalarımı nailliyyətlərimi, döyüş tapşırıqlarını bir nəfər də olsun itki vermədən uğurla yerinə yetirmək bacarığımı “onlar” mənimsəmək, öz adlarına yazmaq fikirlərinə düşmüşlər?!

Belə olan halda, “onların” xidmətlərimin üstündən “qara xətt" çəkməklərinə heç də ehtiyac duyulmurdu. Konkret olaraq arzularının yerinə yetirməsini məndən “nəzakətlə” xahiş etmək kifayət edərdi.

Mən isə əsl vətəndaş kimi keçirdiyim bütün uğurlu döyüş əməliyyatlarımı, faydalı hərəkət və nailiyyətilərimi səmimi qəlbdən, böyük bir seviclə “onlara” bağışlaya bilərdim!

Əlbətdə ki, mən - xalqına, dövlətinə sadiq bir insan kimi nail olduğum uğurlara görə dövlətimizin mənə olan diqqətini, xalqımızın mənə olan böyük hörmət və məhəbbətini, düşmən nəzarəti altında olan torpaqlarımızı - strateji yüksəklikləri azad etdiyimə görə yerli əhalinin səmimi minnətdarlıqlarını, itkisiz keçirdiyim döyüş əməliyyatına görə əsgər valideyinlərinin mənə ünvanladıqları xoş sözləri və nəhayət, mənə bağlı hərbi hissələrdə xidmət edən bütün əsgər və zabitlərimin mənə olan sarsılmaz diqqətlərini heç vaxt unuda bilmərəm və onları heç kimə “bağışlamaq” fikrində də deyiləm!

Lakin, məni bundan da çox narahat edən başqa bir sualdır: Görəsən, müdafiə nazirimiz general-polkovnik Zakir Həsənovu mənə “Bağışla, gücüm çatmır” söyləməyə məcbur edən həmin qüvvələr kimlərdir və ona təzyiq göstərməyə hələ də davam edirlərmi?!

Mənə elə gəlir ki, hansı səbəbdən, kimin planı və ya təklifi ilə həyata keçirilməsindən asılı olmayaraq, Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən mənə -dövlətinə, xalqına sadiq, vətənpərvər general-mayora qarşı törədilən bu özbaşınalıq, üzün müddət şərəflə xidmət etdiyim Müdafiə Nazirliyimizin adına tarixi bir ləkədir!

Bəli, bütün bu qeyri-müəyyənlik bilik boşluqlarını doldurmaq üçün insanları izahat axtarmağa, əfsanələr və nəzəriyyələr düşünməyə məcbur edir. Eyni zamanda qorxu, maraq və heyrət doğurur. Mən inanıram ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun nəhayət məni qəbul etməyi ilə, həqiqət üzə çıxacaq və bütün mənfi düşüncələrə son qoymağa imkan yaranacaq”.