Ermənistanda keçirilən son parlament seçkilərindən sonra Qafqazda sülh gündəliyinin daha da möhkəmlənəcəyi gözlənilsə də son dövrlər rəsmi İrəvanın prosesi yubatması müşahidə edilir. Nikol Paşinyanın 2031-ci ilə qədər Azərbaycanla sülh müqaviləsi bağlamaq niyyəti ilə bağlı açıqlaması Ermənistanın yaxın zamanlarda institutlaşmış sülhdə maraqlı olmamasından xəbər verir. Digər tərəfdən isə, Ermənistan yeni Konstitusiyasının layihəsinin hələ də geniş ictimaiyyətə təqdim edilməməsi də yaxın zamanlarda dayanıqlı sülhün əldə olunması ilə bağlı xeyili tərəddüdlər yaradır.
Azərbaycan isə beynəlxalq norma və prinsiplərə uyğun milli maraqlara əsaslanan sülh siyasətini davam etdirir. Azərbaycan regionda sülh gündəliyinin davam etdirilməsində maraqlıdır və bu istiqamətdə ardıcıl siyasət həyata keçirir. Azərbaycan ilə Ermənistan arasındakı ticarət dövriyyəsi artıq 18 milyon dolları keçib. Azərbaycan üzərindən Ermənistana yükdaşımalar davam edir. Bunlar ölkəmizin sülh gündəliyinə sadiqliyini bir daha təsdiq edir.
Bir tərəfdən Azərbaycan ilə iqtisadi əlaqələri genişləndirməkdə maraqlı olduğunu bəyan edən, digər tərəfdən isə revanşist qüvvələri dəstəkləyən rəsmi İrəvanın sülh gündəliyinə sadiqliyinin səmimi olması şübhə yaradır. İqtisadi əlaqələrdə ən vacib elementlərdən biri olan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRİPP) tikintisi üçün tenderlər barədə heç bir məlumat yoxdur və podratçının kim olacağı bəlli deyil.
Göründüyü kimi, Ermənistanın institutlaşmış sülhə hazır olmaması TRİPP-in tikintsinin də yubanmasına gətirib çıxarır. Region üçün vacib bu layihənin reallaşmasının yubanması ilə İrəvan əslində özünü iqtisadi dividentlərdən mərhum edir. Belə layihələrin reallaşması fundamental qərarlar və qətiyyətli hərəkətlər tələb edir. Razılaşdırılmış gündəliyi dəyişdirmək ümidi ilə bölgədə yeni düzəni gözləmək isə nəinki TRİPP-in tikintisini yubadar, bütövlükdə sülh gündəliyinə olan etimadı daha da sarsıda bilər.
Vüqar Bayramov, millət vəkili